Close
“QƏDFF” Varşavada beynəlxalq konqresdə iştirak edib

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası Polşanın Varşava şəhərində Dünya Amputant Futbol Federasiyası və Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə martın 1-dən 3-dək keçirilən beynəlxalq konqresdə iştirak edib. Konqresdə dünyanın 20 ölkəsi təmsil olunub.

Konqresdə 2015-2018-ci illərdə keçirilən yarışların nəticələri müzakirə edilib. Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbəri Rövşən Quliyev çıxışında Azərbaycan komandasının yaranma tarixindən, fəaliyyətindən, qazandığı uğurlardan və ölkəmizdə bu idman növünə olan maraq və yaradılan şəraitdən danışıb. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, torpaqlarımızın 20 faizinin işğal olunmasından söz açıb, bu müharibə nəticəsində əlil olmuş insanların cəmiyyətə inteqrasiyasının vacibliyini diqqətə satdırıb.

Rövşən Quliyev ölkəmizin sivil, multikultural dəyərlərə sadiq olduğunu vurğulayaraq, Azərbaycanın bir çox mötəbər idman yarışlarına ev sahibliyi etdiyini bildirib, Bakıda I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının uğurla təşkil edildiyini söyləyib.

Səfər çərçivəsində Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi xarici televiziya nümayəndələrinə müsahibə verərək, Azərbaycanda müharibə əlillərinə göstərilən diqqət və qayğıdan söz açıb, Qarabağ həqiqətlərini çatdırıb.

Dünya və Avropa futbol amputant federasiyalarının rəhbərliyi ilə görüşdə Azərbaycan komandasının “Dünya 2020” çempionatında iştirakı və ölkəmizdə uşaq amputant futbolunun inkişafı məsələləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan komandası “Dünya 2020” çempionatının qrup mərhələsində Rusiya, Türkiyə və Belçika komandaları ilə qarşılaşacaq.